İzleyiciler

8 Aralık 2014 Pazartesi

Gedək Şuşada ölək..

Adımızı yazanda
Hərə bir cür yozurdu..
Gedək Şuşada ölək..
Başdaşımız hazırdı..

İyirmi ikinci ili yola saldıq. Onsuz 22ci ili..Onun olmadığı 22ci ili..Şuşanı deyirəm...Bu gün Avroviziyadakı mahnılarımızın sözlərinin nöqtə vergülündən tutmuş Aygün Kazımovanın niyə Qaraçuxurlu ola bilmədiyinə qədər əzbər bilən amma Şuşanın işğalının neçənci ili olduğunu, ümumiyyətlə Şuşanın ərazisi, əhalisi, niyə, nə üçün, necə işğal olunduğunu bilməyənlərimiz var. Bəli! Var! Bilirsiniz, ilin üç yüz altmış neçə günündə bəlkə hər gün düşünürəm işğalda olan ərazilərimizi. Amma hansı gün ki, işğal günü, faciə günü, qətliam günü çatır bütün işimi gücümü buraxıb saxta "patriotkaları" və "patriotları" izləməklə məşğul oluram. Səksənməyin! Heç kəsə məhkəmə qurulmur! İlin 1 günündə belə profilində vətən sevgisini, yurd həsrətini ifadə etməyənlər, dilinə gətirməyənlər, yadına salmayanlar (təbii ki hər kəs bura daxil və aid deyil) həmin gün vay-şüvən edəndə torpaqların işğalı da yadımdan çıxır, məşğul oluram onların "vicdan soyqırımları, arsızlıq işğalları"nı izləməklə. Necə də əl qatırlar özlərinə, necə də yazıb doldururlar profilləri, səhifələri. Baxan da deyir ki, vallah bunları buraxsan "İli Karabax budet moim ili vsyo Armeniya" məsələsi. Oskarmı versək, Nobelmi alsaq bunlara bilmirəm.Nə isə. 

22-ci il də getdi... Nə bu tarixi yadda saxlayanlara baxdı, nə də yadda saxlamayanlara. Şuşanın nə meydanlarda keçirilən mitinqlərə, nə facebookda yazılan statuslara, nə mənim kimi blog yazanların yazılarına, nə onun şərəfinə şeir deyənlərə, nə mahnı oxuyanların heç birinə ehtiyacı yoxdur!!! Bəli yoxdur!!! Şuşanın doğma nəfəsə, doğma bayrağa ehtiyacı var. 22 ildir ora yaz gəlmir...22 ildir həsrətdən göynəyir.. 22 ildir əli uzalı qalıb Azərbaycana.. 22 ildir acı-acı gülümsəyir bizim hər il "bir il də Şuşasız" deməmizə.. Biz isə ölürük təzə ilə köhnə arzularla keçmək üçün. 
Bu gün ümidini itirənlərə və ümidini itirməyənlərə bölünüb millət. Şuşa sarıdan deyirəm. Mən ikincilərin içindəyəm. Nə qədər Polyanna kimi baxsalarda mənə bu diləyim üçün yenə də ümidliyəm. Bayraq meydanında bayrağımız asılanda cırıldı bir gecədə. Hərə onu bir cür yozdu. "ucuz parça", "bundan artıq olmaz" və s. versiyalarla. Mən isə başqa cür yozdum. Bayraq cırılmaqla bir şeyi dedi " Əvvəl Qarabağa, əvvəl Şuşaya..." 
Belə. Allah səbr verməsin, Azərbaycan! Allah səbr verməsin, Vətən! Sənə səbr yaraşmır. Şuşasız heç yaraşmır.

Qələbənə tezliklə qovuşmaq ümidi ilə..
Yorum Gönder